CƏMİYYƏT
Bərdədə ölümlə nəticələnən traktor qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir
Bakı, 23 iyun, AZƏRTAC
Prokurorluq iyunun 22-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat yayıb.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
Müəyyən edilib ki, həmin gün rayon ərazisində 1971-ci il təvəllüdlü Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində traktor aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan E.Məmmədli hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.