REGİONLAR
Bərdədə şəhid Ceyhun Rzayevin doğum günü qeyd edilib
Bərdə, 22 sentyabr, AZƏRTAC
Bərdədə 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Rzayev Ceyhun İsmayıl oğlunun doğum günü qeyd olunub. Yaşasaydı, Ceyhunun 27 yaşı olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və 5 nömrəli tam orta məktəbin nümayəndələri şəhidin məzarını və ailəsini ziyarət ediblər.
Şəhidin məzarı yanında çıxış edən YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsində qazanılan qələbə ölkəmizin zəfər tarixidir. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Görüş zamanı məlumat verilib ki, Rzayev Ceyhun İsmayıl oğlu 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Cəbrayıldan Şuşayadək şanlı döyüş yolu keçərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin atası İsmayıl Rzayev və anası Mehparə oğulları Ceyhunun hərbidəki xidmətlərindən və ömür yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.