REGİONLAR
Bərdəli məzunlar qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər
Bərdə, 31 avqust, AZƏRTAC
Bərdə rayonunun ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1159 məzundan 729 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 533-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 106 nəfəri 500-600 arası, 47 nəfəri isə 600-dən çox bal toplayıb. İmtahanlarda ən yüksək nəticə göstərən Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunu Leyla Təhməzova 695 bal toplayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Zərifə Əliyeva adına məktəb-liseyi göstərib. Bu təhsil ocağını bitirən 93 məzundan 83 nəfəri imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 75-i ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında məktəb-liseyin məzunlardan 18 nəfəri 500-600 arası, 8 nəfəri 600-dən çox bal toplayıb.
Qəbul imtahanlarında Samux kənd tam orta məktəbin məzunlarının göstəriciləri də yüksək olub. Belə ki, məktəbi bitirən 11 məzundan 7-si tələbə adını qazanıb. Onlardan 1 nəfər 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplayıb. Bundan başqa Bərdə şəhər 8 nömrəli tam orta məktəbdən 33 nəfər, şəhər 3 nömrəli tam orta məktəbdən 32 nəfər, 2 nömrəli tam orta məktəbdən 20 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.