REGİONLAR
Bərdəli məzunlardan 533 nəfər ali məktəblərə qəbul olub
Bərdə, 4 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1159 nəfər məzundan 729 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 533 nəfər ali, 213 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 106 nəfəri 500-dən yuxarı, o cümlədən 47 nəfəri 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Bərdədə ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıb. Bildirib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov diqqətə çatdırıb ki, qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Zərifə Əliyeva adına məktəb-lisey göstərib. Bu təhsil ocağını bitirən 93 məzundan 83 nəfəri imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 75-i ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında məktəb liseyin məzunlarından 18 nəfəri 500-dən çox, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunu Leyla Təhməzova rayon məzunları arasında ən yüksək nəticə göstərərək, 695 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.
Çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda 500-dən yüksək bal toplayan gənclərə hədiyyələr verilib.