CƏMİYYƏT
Bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi yolları müzakirə edilib
Bakı, 28 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Şirvan şəhərində keçirilib. Görüşdə Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonları üzrə maraqlı tərəflər iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.