DÜNYA
Berlin Ukraynanın tezliklə Avropa İttifaqına üzv olmasına tərəfdardır
Berlin, 11 may, AZƏRTAC
Almaniya Ukraynanın Avropa İttifaqı sıralarına tezliklə qəbul edilməsinə bundan sonra da tərəfdar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya bundestaqının başçısı Berbel Bas bu gün ölkənin “RTL” telekanalında çıxışı zamanı bildirib. Spiker deyib: “İndi əlimizdən gələni etməliyik ki, prosesi tezləşdirək və Ukraynaya Aİ-yə daxil olmaq üçün ümidlər verək”.
Berbel Bas Emmanuel Makronun bu yaxınlarda işlətdiyi “proses uzun onilliklər çəkə bilər” fikri ilə razılaşmadığını bildirərək deyib: “Prezident Makron səhv edir və Ukraynanın Aİ-yə daxil olması prosesi uzun çəkə bilməz, xüsusən ona görə ki, çoxları bu Şərqi Avropa ölkəsini blokun tərkibində görmək istəyir”.
Aİ-nin genişləndirilməsi prosedurunun zəruriliyi barədə dünən AFR XİN də öz fikrini bildirib. Ölkənin xarici siyasət idarəsində Ukraynanın Aİ-yə qəbul edilməsinə dair yol xəritəsinin və qrafikinin işlənib hazırlanmasının vacibliyi vurğulanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin