SİYASƏT


Berlində təqdimat: “Azərbaycanda alman izləri” VİDEO

Berlin, 30 noyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanda alman izləri” adlı tədbir keçirib. Tədbir Azərbaycanla Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksəkvəzifəli təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Almaniyadakı səfirliyimiz tərəfindən hazırlanmış “Azərbaycanda alman izləri” filmi nümayiş etdirilib. Filmdə Azərbaycandakı alman irsi və onun dövlət tərəfindən qorunması barədə iştirakçılara məlumat verilir.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Almaniya ilə ölkəmiz arasındakı ikitərəfli münasibətlərin tarixindən və müasir vəziyyətindən danışıb. Bildirib ki, xalqlarımız arasındakı əlaqələrin kökü qədim dövrlərdən başlanır və bu əlaqələrin daha sıx xarakter alması XIX əsrin əvvəllərində Almaniyanın hazırkı Baden-Vürttemberq ərazisindən alman şvabların ölkəmizə köçü ilə bağlıdır. Qeyd edilib ki, II Dünya müharibəsi illərində Stalin hakimiyyəti tərəfindən Mərkəzi Asiya və Sibir ərazilərinə deportasiya olunana kimi almanlar ölkəmizdə azərbaycanlılarla birgə mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. N.Ağayev müasir Azərbaycan-Almaniya münasibətlərinin bu zəngin tarixdən bəhrələndiyini ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycanın Qərbi Avropa ölkələri arasında ilk səfirliyini 1992-ci ildə məhz Almaniyada açması bu baxımdan təsadüfi hesab oluna bilməz. Səfir hazırda bütün sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Tədbirdə, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili səfir Mattias Lüttenberq çıxış edib. O, Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb və ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyib.

Daha sonra tədbirə Bakıdan məruzəçi qismində dəvət olunmuş Fuad Axundov “Azərbaycanda alman izləri” mövzusunda təqdimat keçirib. O, almanların Azərbaycana köçünün tarixi aspektləri, alman icmasının həyat və fəaliyyəti, habelə onların ölkəmizin ictimai-siyasi həyatındakı iştirakı haqqında məlumat verib.

Tədbirə almaniyalı professor Eva Maria Aux moderatorluq edib.

Almaniyanın Hamburq şəhərində yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçi Tural İsmayılovun yaratdığı və rəhbərlik etdiyi Azərbaycan-alman ansamblı -“Anima Şirvani”nin alman barok musiqisi və Azərbaycan muğamının sintezindən ərsəyə gətirdiyi musiqi parçalarını tamaşaçılar böyük maraqla qarşılayıblar.

Tədbirdən sonra ziyafət verilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.