CƏMİYYƏT
Beş kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 9 may, AZƏRTAC
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Şirinovdan 77 qramdan çox heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 4 kiloqram 670 qram olan heroin aşkarlanaraq götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 çətənə kolu götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.