CƏMİYYƏT
Beş rayonda mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Təzəkənd kənd sakini Ramiz Səmədov ona məxsus mağazadan ümumi dəyəri 1500 manat olan siqaretlərin, spirtli və digər içkilərin, eləcə də pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində oğurluğu törədən şəxsin Goranboy rayon sakini, əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. E.Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub.
Faktla bağlı saxlanılan şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.