MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında Sərdar Fərəcovun 60 illik yubileyi qeyd edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, ittifaqın katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan kamera konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Sərdar Fərəcovun zəngin yaradıcılığından danışıb. Bildirib ki, səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
Qeyd edib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib.