MƏDƏNİYYƏT
Beyləqanda “Nizami dövrü, ədəbi irsi və məktəbi” adlı tədbir keçirilib
Beyləqan, 21 may, AZƏRTAC
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi yaradıcılığı bütün dövr ədəbiyyat tarixinə işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməsi və təbliği üçün yeni imkanlar yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illiyi münasibətilə keçirilən "Nizami dövrü, ədəbi irsi və məktəbi" adlı tədbirdə səsləndirilib. Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Beyləqan şəhər 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova tədbirdə çıxış edərək, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, klassik irsimizə, dahilərimizə həmişə böyük qiymət verən ümummilli lider Heydər Əliyev Nizami Gəncəviyə xüsusi rəğbət bəsləyirdi. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni imkanlar açıb. 1981-ci ildə Heydər Əliyev Nizami Gəncəvinin doğum günü ilə əlaqədar onun 840 illiyi haqqında yeni Sərəncam imzalayıb. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ulu öndər Heydər Əliyevlə başlanan ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Tədbirdə çıxış edən Beyləqan şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Nazilə Quliyeva bildirib ki, Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Mədinə Rzayeva çıxışında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həm də təbiət elmlərini mükəmməl bilən və onun təbliği ilə məşğul olan bir alim olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda məktəblilər Nizami Gəncəvinin şeirlərini söyləyib, mərkəzin əməkdaşı tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.