REGİONLAR
Beyləqanda düşmənin raket atəşi nəticəsində dağılmış evlər bərpa olunur VİDEO
Beyləqan, 5 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttindən uzaqda yerləşən Beyləqan şəhərinin raket atəşinə tutması nəticəsində 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən görülmüş işlər nəticəsində 53 tikilinin təmir-bərpası, 7 evin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 2 evin inşası və 1 tikilinin təmir-bərpası bitmək üzrədir. Qısa zamanda Beyləqan rayonunda işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.
Ermənistan silahlı birləşmələrinin Beyləqan rayonunda dinc əhalini atəşə tutması nəticəsində evi dağılan sakinlərdən biri Raul Məmmədovdur. Onun Beyləqan şəhərindəki evi düşmənin raket hücumu zamanı tamamilə dağılmışdı. Raul Məmmədov deyir ki, hadisədən sonra müvafiq komissiya tərəfindən evə baxış keçirilib və yeni beşotaqlı evin tikintisinə başlanılıb. Artıq işlər yekunlaşıb. Ev sahibi görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Digər sakin Mais Məmmədov da düşmənin raket hücumu zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “Hadisədən sonra bizim evə də baxış keçirildi. Dağılmış evimizin əvəzinə daha gözəl, hər cür şəraiti olan yeni ev inşa edildi. Görülən işlərdən çox razıyıq”, - deyə Mais Məmmədov vurğulayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Artıq 12 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşıb.