REGİONLAR
Beyləqanda pambıqçılığa maraq artıb VİDEO
Beyləqan, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Beyləqan rayonunda zəruri işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, pambıqçılıq sahəsində böyük təcrübəsi olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Belə ki, əgər ötən il rayon ərazisində 2079 hektarda pambıq əkilmişdisə, bu il 4100 hektarda çiyid səpilib. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı və “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavodu ilə müqavilə əsasında becərirlər.
“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialının direktoru Rəşid Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 2100 hektar sahədə pambıq becərilməsi üçün 314 fermerlə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, fermerlərə indiyədək 360 min manat avans vəsait verilib. Fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Pambığın becərilməsi üçün mütəxəssislər də cəlb olunub.
Uzun illərdir pambıqçılıqla məşğul olan Təzəkənd kənd sakini Zöhrab Məmmədov beyləqanlı fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “Əgər əvvəllər hər il 30 hektarda pambıq becərirdimsə, bu il “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 156 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilirik. Hər hektardan orta hesabla 40 sentner məhsul götürməyi qarşıya hədəf qoymuşam”.
Hazırda tarlalarda pambığın becərilməsi davam edir.