REGİONLAR


Beyləqanda yeddi seçicinin yaşı 100-dən yuxarıdır

Beyləqan, 23 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

81 saylı Beyləqan seçki dairəsinin tərkibinə daxil olan 39 seçki məntəqəsində 37 min 522 seçici qeydə alınıb. Seçicilərdən 1039 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 31-nin 18 yaşı bu il tamam olub. Seçicilərdən 120-nin 80-100 yaşı var, 7 seçicinin yaşı isə 100-dən artıqdır. 31 saylı seçki məntəqəsində qeydə alınmış 106 yaşlı Abusayat Səfərova rayonun ən yaşlı seçicisidir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Vəlişov bildirib.

Komissiya sədrinin sözlərinə görə, dairə və məntəqə seçki komissiyalarında bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir. Seçkiyə hazırlıqla əlaqədar dairənin tərkibində olan 39 seçki məntəqəsinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr quraşdırılıb. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə treninq və ixtisaslaşdırılmış kurslar keçirilib. Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr qoyulub.

“Təqvim planı”na uyğun olaraq hazırda seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər paylanır, müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək 398 müşahidəçi dairə seçki komissiyasında qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.