REGİONLAR
Beyləqanlı fermerlər pambıq əkinini iki dəfə artırmağı qarşıya hədəf qoyublar
Beyləqan, 7 aprel, AZƏRTAC
Beyləqan rayonunda bu il 8500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Artıq sahələr pambıq əkinləri üçün hazır vəziyyətə gətirilib. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən pambıqçılığın inkişafına həsr olunan müşavirədə məlumat verilib. Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, pambıq istehsalçılarının və emal müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev diqqəti martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan razılıqla danışılıb. Bildirilib ki, pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqanda 1980-ci ildə 80,3 min ton pambıq istehsal olunmuşdu, bu da respublika göstəricisinin təxminən 10 faizini təşkil edirdi.
1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyil edib. Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ötən ildən rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Belə ki, 2016-cı ildə rayon üzrə əvvəlki illə müqayisədə 1,9 dəfə artıq, yəni 3958 hektar sahədə pambıq əkilib. Pambıq sahələrinin əkilib-becərilməsində və məhsulun toplanmasında rayonun 7900-dən çox sakini işlə təmin edilib və onlar 4,8 milyon manatdan çox qazanc əldə ediblər.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə çıxış edib.