İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: OPEC-in neft istehsalı ötən ay gündəlik 32,78 milyon barrel olub
Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 100 min barrel çoxalaraq sutkada 32 milyon 780 min barrel olmaqla son bir ildə maksimum səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən əlavə digər şərti olmayan istehsal isə gündəlik 6 milyon 980 min barrel təşkil edib. Bununla da, OPEC-in ümumi istehsalı sentyabrda sutkada 39 milyon 760 min barrel neft ekvivalenti olub.
Ötən ay OPEC üzrə hasilat artımı ən çox Səudiyyə Ərəbistanında verib. Bu ölkənin neft istehsalı 100 min barrel artaraq sutkalıq 10 milyon 520 min barrelə çatıb. Həmçinin Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyada da neft istehsalı artıb. Belə ki, sentyabrda Liviyanın neft hasilatı 80 min barrel artaraq gündəlik 1 milyon 60 min barrel, Birləşmiş Ərəb Əmirliklərində istehsal 70 min barrel çoxalaraq sutkada 3 milyon 50 min barrel, Nigeriyada isə 50 min barrel artaraq 1 milyon 710 min barrel təşkil edib.
OPEC-ə üzv ölkələr arasında keçən ay neft hasilatı ən çox azalan ölkə İran olub. Bu ölkənin neft istehsalı 180 min barrel azalaraq sutkada 3 milyon 450 min barrelə düşüb. Bundan başqa, Venesuelada da neft hasilatı 20 min barrel geriləyərək gündəlik 1 milyon 230 min barrel olub.