İDMAN
Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında Olimpiya çempionu Toğrul Əsgərov haqqında yazı yerləşdirilmişdir VİDEO
Bakı, 5 fevral (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyasının (FİLA) rəsmi saytında 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan güləşçisi Toğrul Əsgərov haqqında yazı yerləşdirilmişdir.
AZƏRTAC FİLA-nın saytına istinadla xəbər verir ki, “FİLA əfsanəsi: 2012 Toğrul Əsgərov” başlıqlı yazıda güləşçimiz haqqında geniş məlumat verilmişdir.
Yazıda deyilir: “O, qalibdir, deməli, qalib olmaq üçün lazım olanları bilir. Onun cəmi 21 yaşı olsa da, artıq Olimpiya çempionudur. O, hələ çox iş görməlidir, lakin Toğrul Əsgərovun tarixin ən böyük güləşçisi olmaq üçün bütün şansları vardır. Belə güləşçilər yüz ildə bir dəfə dünyaya gəlir. Dünya adı güləş tarixinə yazılacaq bu insana diqqət yetirməlidir”.
FİLA əfsanələri haqqında məqalələr hazırlayan jurnalist Mayk Roirdan tərəfindən hazırlanmış bu yazı ilə bərabər, saytda güləşçimizin beynəlxalq yarışlarda və London Yay Olimpiya Oyunlarındakı çıxışlarından bəhs edən videoçarx da yerləşdirilmişdir.