CƏMİYYƏT
Beynəlxalq Hüquqşünaslar Komissiyasının nümayəndələri Azərbaycanda insan hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb
Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq Hüquqşünaslar Komissiyasının nümayəndələri, təşkilatın Avropa üzrə proqram rəhbəri xanım Rosin Pillay və hüquqi məsləhətçisi Temur Şakirov Ombudsman Aparatında olublar.
Aparatın rəhbəri Aydın Səfixanlı ilə görüşdə ölkəmizin məhkəmə-hüquq sistemi, qanunun aliliyi və effektiv hüquqi təminat, ədalətli mühakimə hüququnun təmin edilməsi, vəkillik fəaliyyəti, habelə Ombudsman təsisatının mandatı, fəaliyyəti barədə məsələlər müzakirə olunub.
Qonaqlara Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, qəbul edilmiş sənədlər, Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və səlahiyyətləri, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı barədə məlumat verib.
Söhbət zamanı Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təsdiq edildiyi, bu real sənədin insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığı, həmin sənəddə vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması istiqamətində tədbirlərin görülməsinin nəzərdə tutulduğu, hazırda ombudsmanın iştirakı ilə respublikanın şəhər və rayonlarında ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.