SİYASƏT
Beynəlxalq Konfrans davam edir: “Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” VİDEO
Bakı, 16 mart, AZƏRTAC
BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans davam edir.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunda plenar sessiya keçirilib.
Plenar sessiyaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.
İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mutəzz Muhy Əbdülhəmid tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini demişdi. "Mən həmin torpaqlara səfər edərkən bunu gözlərimlə görmüşəm. Biz bəzi ərəb mətbuat nümayəndələrinin ikili hərəkətlərini qəbul edə bilmərik. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları ermənilərin necə qəddar olduqlarını göstərir. Ermənilər mülki insanların üzərinə bomba yağdırırdı, müharibəyə yaraşmayan hərəkətlər nümayiş etdirirdi. Erməni tərəfi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verirdi”, - deyən Mutəzz Muhy Əbdülhəmid Azərbaycanla çox möhkəm əlaqələrinin olduğunu qeyd edib, AZƏRTAC-ı tez-tez izlədiyini və ölkəmizlə bağlı dəqiq məlumatları əldə etdiyini diqqətə çatdırıb”.
Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri bildirib ki, müsəlmanlara qarşı yönəlmiş ikili siyasət bir çox ölkələrin əsas prinsiplərinə çevrilib. İslam peyğəmbərinin karikaturalarının çəkilməsi, müsəlmanlara qarşı təzyiqlər qəbuledilməzdir. Müsəlman cəmiyyətlərində mədəni və dini aspektlərdə qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilməli, alçaldıcı hərəkətlərə yol verilməməlidir.
Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirovun sözlərinə görə, müsəlmanların öz dininə bağlılığı bir çox ölkələrdə narahatlıqlar yaradır. Ermənilər də daim müsəlmanlar arasında fitnə yaradıblar, onlara qarşı məkrli hərəkətlər nümayiş etdiriblər. Müsəlman ölkələrində xristianlar daim sülh içində və rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir. Qeyd edilib ki, bu gün bir çox ölkədə xüsusilə Fransada müsəlmanlara qarşı qəddar siyasət həyata keçirilir və tarixən fransızlar hər zaman müsəlmanlarla bu cür qeyri-insani rəftar ediblər. Misirdə, Əlcəzairdə edilən hərəkətlər buna sübutdur.
“Wilfrid Laurier” Universiteti, Sosiologiya və Müsəlmanşünaslıq üzrə professor Jasmin Zin qeyd edib ki, islamofobiya hazırkı günümüzdə dözülməz həddə gəlib çıxıb. Dünyanın bir çox yerində müsəlmanlar güllələnir və ya digər alçaldıcı hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülüb. Müsəlmanlar Fransa və bəzi ölkələrdə neqativ insanlar kimi göstərilir. Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi olaraq qələmə verilir və cəmiyyətə aşılanır. Bu da təbii ki, yolverilməz haldır.
Sinqapur “Nanyanq” Texnoloji Universitetinin dosenti Kamaluddin Mohamed Nasir isə nitqində dünyada islamofobiya ilə mübarizə üsullarında musiqi janrı sayılan "Hip-Hop"un effektiv olduğunu vurğulayıb. Bu tərzdə fikirləri çatdırmağın daha da effektiv olduğunu iştirakçıların diqqətinə çatdırıb. İnsan hüquqları, mülki hüquqlardan bəhs edən musiqilərə insanlar tərəfindən də böyük rəğbət olduğu qeyd edilib.
Plenar sessiya iştirakçıların suallarının cavablandırılması ilə davam edib.