MƏDƏNİYYƏT
Beynəlxalq Kuklaçı Günü Azərbaycan Dövlət Kukla Teatrında qeyd olunub VİDEO
Bakı, 21 mart, Xəyalə Cəfərova, AZƏRTAC
Uşaqlara xeyirxah olmağı öyrətməyin, yaxşını-pisdən seçməyi, sevgini aşılamağın bir çox yolları var. Onlardan biri də balacaların üzündə təbəssüm yaradan kukla tamaşalarıdır.
AZƏRTAC-ın əməkdaşları 21 mart - Beynəlxalq Kuklaçı Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrda olublar.
Oyuncaqlar körpələr üçün həm əyləncəli anlar yaradır, həm də tərbiyəvi əhəmiyyət daşıyır. İlk olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev bizi sözügedən kuklaların hazırlanması sexi ilə tanış etdi. O, bu məkanı teatrın döyünən ürəyi adlandırıb: “Kuklalar bu balaca sexdə hazırlanır. Uşaq dünyasının sirlərinə bələd olan peşəkar kollektivimiz hazırda “Düyməcik” tamaşasına hazırlaşır”.
Pyesin bədii şurada təsdiqindən sonra rejissorla rəssamın iş birliyinin başladığını deyən İ.Əliyev işin incəliklərini izah edib: “Səhnə dekoru, oyuncaqların eskizləri və s. hazırlandıqdan sonra heykəltəraş əsas personajların baş hissəsini düzəldir. Sonrakı mərhələdə isə rəssamla dərzi birgə fəaliyyət göstərir. Bəzən aktyorlarımız öz rolları üçün gəlib əlavələr də edirlər. Məsələn, oyuncağın gözləri, əlləri oynaq olsun və s. kimi təkliflər irəli sürürlər”.
Bu proseslər yekunlaşdıqdan sonra aktyorla kuklanın tanışlıq mərhələsi başlayır: “Güzgülü otaqda hər aktyor öz kuklası ilə məşqlər edir. Bizim teatrın digərlərindən ən çətin tərəfi də məhz budur: aktyorun öz hisslərini kukla ilə canlandırması. Bu böyük bir məsuliyyətdir”.
Teatrın peşəkar aktyorlarından olan Elnur Xəlili ilə bütün kuklaların toplaşdığı məkanda söhbətə başladıq. O, canlandırdığı personajlara baxaraq belə dedi: “2013-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərirəm. Hər gün teatra gələr-gəlməz ilk bu otağa baş çəkirəm. Yaratdığım obrazların hər biri mənim üçün əzizdir”.
Gənc aktyor E.Xəlili peşəsinin görünən və görünməyən tərəflərindən də söz açıb: “Elə kuklalar var ki, onu iki-üç aktyor idarə edir. Yəni biri onun gözlərini, bir əllərini, biri ayaqlarını hərəkətə gətirir. Ən son Səidə Haqverdiyevanın quruluşçu rejissorluğu ilə “Ağca və 7 cırtdanlar” tamaşasında rol aldım. Yaradıcılığımda ilk dəfə qadın obrazı canlandırdım. Bu, mənim üçün fərqli və maraqlı oldu”.
Bir sonrakı seansa hazırlaşan aktyor Araz Həsənli bizi görər-görməz gülümsədi. Həm Novruz bayramı, həm də Dünya Kuklaçılar Günü münasibətilə hər kəsi təbrik edən aktyor burada 2015-ci ildən bəri çalışdığını söylədi: “Atam Ruslan Həsənli uzun müddət Kukla Teatrında çalışıb, anam Zemfira Həsənova da kuklalarla işləyən rəssam olub. Elə teatra sevgim də məhz onlardan qaynaqlandı. Uşaqları sevindirmək, onları güldürmək məni xoşbəxt edir. Lakin tamaşaçımızın balacalardan ibarət olması işimizi çətinləşdirir. Əgər onları kuklanın roluna inandıra bilməsək o səs salıb zalı tərk edə bilərlər. Ona görə də hər kuklaya fərqli yanaşırıq, obrazı tam mənimsədikdən sonra səhnəyə çıxırıq”.
Teatrdan ayrılarkən biz də AZƏRTAC olaraq bütün kuklaçıları bir daha təbrik etdik, onlara daim balaca tamaşaçıların sevimlisi olmalarını arzuladıq.