MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Festivalı çərçivəsində “Şah İsmayıl” operası nümayiş olunub

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, operanın nümayişi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb. Mənalı, cəlbedici, dramatik səhnələri olan tamaşa maraqla qarşılanıb.

“Şah İsmayıl” uzun illərdir ki, teatrın repertuarındadır. Müxtəlif illərdə əsas rollarda opera səhnəmizin istedadlı sənətkarları – Hüseynqulu Sarabski, Əlövsət Sadıqov, Baba Mahmudoğlu, Səfa Qəhrəmanov, Arif Babayev, Canəli Əkbərov (Şah İsmayıl), Firəngiz Əhmədova, Xuraman Qasımova, Zemfira İsmayılova (Gülzar), Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova, Sahibə Abbasova (Ərəbzəngi), Ağababa Bünyadzadə, Şahlar Quliyev (Aslan şah) və başqaları çıxış ediblər.

Hazırda Şah İsmayıl rolunu istedadlı muğam ifaçısı, Əməkdar Artist Təyyar Bayramov böyük uğurla ifa edir.

Qeyd edək ki, “Şah İsmayıl” operası ilk dəfə səhnəyə 1919-cu ildə qoyulub. Tarixi-əfsanəvi mövzuda yazılmış operanın libretto müəllifi Mirzə Qədir İsmayılovdur. İlk tamaşada orkestri bəstəkarın özü – Müslüm Maqomayev idarə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.