REGİONLAR
Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir təşkil olunub
Xırdalan, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə və uşaq kitablarından ibarət sərgiyə baxılıb.
Kitabxananın nağıl otağında isə rayon ərazisində yerləşən uşaq bağçalarının balaca fidanlarının ifasında bir-birindən maraqlı nağıl və şeirlər səsləndirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə, Əməkdar mədəniyyət işçisi İlham Manafov gələcəyimizin təminatçısı olan uşaqların vücudunu bəsləyəcək qidaları seçdiyimiz kimi, onların ağlını, ruhunu, qəlbini bacarıq, qabiliyyətini tərbiyə edəcək kitabların da seçilməsinin zəruriliyindən danışıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bu günün əhəmiyyətindən danışıb, bundan sonra da bu səpkidə tədbirlərin davamlı olaraq keçirilməsini tövsiyə edib.
Sonda uşaqlar üçün Azərbaycan nağıllarından ibarət cizgi filmləri nümayiş olunub.