İQTİSADİYYAT


Beynəlxalq Valyuta Fondu Azərbaycanda fiskal islahatlarla bağlı missiya hesabatı açıqlayıb

Bakı, 23 may, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda fiskal islahatlarla bağlı mayın 20-də yeni hesabat açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov AZƏRTAC-a bildirib ki, müvafiq hesabat BVF missiyasının 2021-ci ilin may və avqust ayları üzrə ölkədə apardığı araşdırma və tədqiqatlara əsaslanır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının (GFS) vəziyyətinin ümumilikdə adekvat olması vurğulanıb. Eyni zamanda, GFS-in daha geniş dövrləri əhatə edən və qərar qəbuletmə proseslərinə təsirini gücləndirmək məqsədilə missiya qrupu tərəfindən 1 illik xüsusi tədbirlər planı hazırlanıb.

Hazırda Azərbaycanda GFS üzrə mövcud olan infrastruktur və hesabatlılığın xüsusiyyətləri barədə məlumatlar hesabatda qeyd edilib. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar açıqlanıb.

Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaflığı önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühiti təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi də qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.