CƏMİYYƏT
Beynəlxalq axtarışa verilən iki nəfər Qazaxıstanda saxlanılaraq Azərbaycana ekstradisiya edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları ilə İnterpola üzv ölkələrin hüquq mühafizə qurumları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, beynəlxalq axtarışa verilən şəxslərin saxlanılması və ölkəmizə ekstradisiyası istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıblar.
Azərbaycanın və Qazaxıstanın tərəfdaş çıxdıqları MDB-nin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq, S.Tağıyev və K.İbrahimova ölkəmizə ekstradisiya ediliblər.
Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin açılması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyaların tələbləri çərçivəsində digər dövlətlərin İnterpol MMB-ləri və hüquq mühafizə orqanları ilə qarşılıqlı işgüzar əlaqələrin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.