ELM VƏ TƏHSİL
Beynəlxalq elmi-praktik forumun iştirakçıları 6 saylı məktəb-liseydə olublar
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik forumunun iştirakçıları Bakı şəhərindəki 6 saylı məktəb-liseydə olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara 6 mərtəbəli bu təhsil ocağında tədris prosesinin müasir tələblər səviyyəsində təşkili üçün zəruri olan bütün şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, yenidənqurmadan sonra məktəbin sahəsi genişləndirilərək, 13 min kvadratmetrə çatdırılıb. 2270 şagird yerlik məktəbdə ümumilikdə 86 fənn otağı var.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb.
Məktəb-liseyin ikinci mərtəbəsində Heydər Əliyev Muzeyi yerləşir. Nümayəndə heyətinin üzvlərinə məlumat verildi ki, burada ümummilli lider Heydər Əliyev haqqında müxtəlif nəşrlər, ulu öndərin attestatının, diplomunun və tərifnamələrinin surətləri toplanıb. Muzeydə, həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə video və fotomateriallar saxlanılır.
Təhsil ocağının bütün sinif otaqları kompüter və proyektorlarla, bir çoxu isə smart-lövhələrlə təchiz edilib. Məktəbdə müasir standartlara uyğun fənn kabinetlərində ən yeni avadanlıq quraşdırılıb. Bütün sinif otaqları əyani dərs vəsaitləri ilə təmin olunub.
Qonaqlar bu təhsil ocağı ilə tanışlıqdan razı qaldıqlarını bildiriblər.
Tədbir məktəbin akt zalında uşaq folklor ansambllarının çıxışı ilə davam edib.