SİYASƏT
Beynəlxalq ictimaiyyət dövlətlərin ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirməlidir
Tbilisi, 1 noyabr, AZƏRTAC
Batumidə müdafiə və təhlükəsizlik məsələlərinə dair konfransın keçirilməsi Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edir. Konfransın əsas məqsədi müdafiə və təhlükəsizlik sahəsində qabaqcıl təcrübəni bölüşmək, əməkdaşlığı daha da dərinləşdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Gürcüstanın təhlükəsizliyi və müdafiəsi” mövzusunda Batumidə keçirilən XII beynəlxalq konfransda söyləyib.
Gürcüstan hökumətinin başçısı dövlətlərin ərazi bütövlüyü və işğal altında olan ərazilərin azad edilməsi məsələlərinə xüsusi diqqət yetirib: “Beynəlxalq ictimaiyyət insan azadlığının, dövlətlərin suverenliyinin, beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınmış sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün bərpası məsələlərində vahid və prinsipial mövqe nümayiş etdirməlidir. İnsan hüquqlarının beynəlxalq norma və fundamental prinsiplər əsasında müdafiəsi sülhün və sabitliyin bərpası üçün yeganə vasitədir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi