SİYASƏT
Beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı Saziş hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq sistemini şərtləndirir
Bakı, 25 iyun, AZƏRTAC
İyun ayının 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması hər şeydən öncə Azərbaycan-Rusiya əməkdaşlığının yeni strateji vektoru kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, müasir mərhələdə informasiya təhlükəsizliyi istənilən dövlətin milli təhlükəsizliyinin ən vacib elementini təşkil etməkdədir.
Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair sazişdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas təhdidlər ifadəsini tapıb. Bu təhdidlərin dəqiqliklə müəyyənləşdirilməsi və Azərbaycan-Rusiya müvafiq sazişində öz əksini tapması onların aradan qaldırılmasının effektiv vasitələrinin tətbiq olunmasını şərtləndirəcək. Məsələn, dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktların tərəflərin koordinasiya olunmuş fəaliyyəti sayəsində dəf edilməsi ümumilikdə informasiya təhlükəsizliyinin ən vacib istiqamətini təşkil etməkdədir. Nəzərə almaq lazımdır ki, müvafiq istiqamətdə fəaliyyət mahiyyət etibarilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Azərbaycan-Rusiya razılaşmasının ruhuna da uyğundur. Ayrıca olaraq, mühüm informasiya infrastrukturu obyektlərinə kiberhücumların qarşısının alınması olduqca təsirli informasiya təhlükəsizliyi tədbiri hesab olunur.
E.Mirbəşiroğlu bildirib ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması ayrıca olaraq Azərbaycanda mühüm aktuallıq kəsb edən məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, informasiya mənbələrində terrorçuluğun təbliğinin qarşısının alınması ümumilikdə terrorizmə qarşı mübarizə sahəsinə ciddi töhfələr verə bilər. Məhz bu məqamın da Azərbaycanla Rusiya arasında sözügedən sənəddə yer alması terrorizmə qarşı birgə mübarizə imkanlarını yaradır.
“Millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması da ciddi təhdidlər sırasında müəyyənləşdirilib. Təbii ki, bu istiqamətdə təhdidlərin qarşısının alınması ümumilikdə qlobal təhlükəsizliyin təmin olunmasına mühüm təsir kimi nəzərdən keçirilə bilər. Beləliklə, göründüyü kimi, Azərbaycanla Rusiya arasında “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması, strateji sahələrdə təhlükəsizlik tədbirlərinin effektiv, sülhə və təhlükəsizliyə birbaşa xidmət edən addımlar atılması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq sistemini şərtləndirir”, - deyə Elşad Mirbəşiroğlu bildirib.