ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşının məruzəsi dinlənilib
Bakı, 21 iyun, AZƏRTAC
AMEA və Türkiyənin IKSAD təşkilatı tərəfindən “Qarabağ. Sosial və bəşəri elmlərdə modern araşdırmalar” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova “İşğaldan azad edilmiş ərazilərdəki muzeylərin mövcud fəaliyyətinin öyrənilməsi və gənc muzeyşünasların tədrisi prosesində rolu” (“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi əsasında) mövzusunda məruzə ilə onlayn formatda çıxış edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, S.Ələkbərova Qarabağ maddi-mədəniyyət nümunələrinin toplandığı muzeylərin gənc muzeyşünaslar tərəfindən təbliğ edilməsindən danışıb. O vurğulayıb ki, gənc nəslin doğma Vətənə, xalqa məhəbbət, soykökünə, ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında muzeylərin əhəmiyyəti danılmazdır.