ELM VƏ TƏHSİL


Beynəlxalq müsabiqədə qalib olan AzMİU tələbələrinə fəxri diplomlar təqdim edilib

Bakı, 3 fevral, AZƏRTAC

Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) memarlıq və dizayn üzrə buraxılış işlərinin XXXI müsabiqəsində qalib olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin fəxri diplomlarının təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qalib tələbələri təbrik edib və memarlıq, dizayn sahəsinin önəminə diqqət çəkib. Ölkəmizdə, xüsusilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı və sürətli tikinti-quruculuq işlərinə görə memar və dizaynerlərə ehtiyacın daha da çoxaldığını deyən rektor tələbələri daha əzmkar və çalışqan olmağa səsləyib.

Digər çıxış edənlər də tələbələri təbrik ediblər və onlara uğurlar arzulayıblar.

Tədbirdə Rusiya Federasiyasının memarlıq üzrə ali təhsil müəssisələrinin nümayəndələrinin təbrik müraciətləri də oxunub.

Çıxışlardan sonra qalib tələbələrə fəxri diplomlar təqdim olunub.

Mərasim çərçivəsində müsabiqədə qalib gələn işlərin sərgisi də keçirilib.

Qeyd edək ki, Kazan şəhərində keçirilən müsabiqədə ölkəmizi AzMİU-nun Memarlıq fakültəsinin tələbələri təmsil edib. Tələbələrin buraxılış işləri yüksək qiymətləndirilib, onlar MOOCAO-nun 1-ci (32 iş) və 2-ci (18 iş) dərəcəli diplomlarına layiq görülüblər. Qalib tələbələrdən Fərəh Talışıniskayanın işi Moskva Memarlıq İnstitutunun, Nərmin Xəlilovanın işi isə Rusiya Memarlar İttifaqının əlavə diplomlarına layiq görülüb.

Memarlığın müxtəlif istiqamətləri, şəhərsalma, dizayn və bərpa üzrə təqdim edilən buraxılış işlərindən bir neçəsi işğaldan azad edilən ərazilərimizlə bağlı olub. Bu işlərdən “Şuşa şəhərində Qarabağın mədəni irsi muzeyi”, “Qarabağın (Şuşa, Ağdam, Laçın, Xocalı) memarlıq irsinin qorunması”, “Qarabağ memarlıq irsinin mühafizəsi (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı abidələri timsalında)”, “Zəngilan rayonu, Cahangirbəyli kəndinin yenidən qurulması layihəsi” xüsusi maraqla qarşılanıb və I yerə layiq görülüb.

Müsabiqəyə ölkəmizlə yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və Ermənistandan yüzlərlə iştirakçı qatılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.