ELM VƏ TƏHSİL
Beynəlxalq onlayn görüş: Qələbə sevincimiz
Bakı, 19 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması münasibətilə “Qələbə sevincimiz!” adlı onlayn beynəlxalq görüş təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd Qələbəmizi qeyd etmək, təhsilalanları vətənpərvərlik, ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənə, torpağa məhəbbət hisslərini daha da artırmaq, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə dostluq əlaqələrini möhkəmləndirmək olub.
Görüşə mərkəzin yetirmələri, Türkiyə, Rusiya, İspaniya, Almaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Niderland, Myana, Amerika, Fransa, İsveç və Avstriyada yaşayan azərbaycanlı gənclər, eləcə də “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Gündoğdu və digər valideynlər qatılıblar.
Vətən müharibəsi dövründə Azərbaycan xalqının birliyi, dövlət başçısının apardığı uğurlu islahatlar, güclü və qüdrətli Azərbaycan Ordusunun düşməni məğlub etməsindən bəhs olunub. Erməni qəsbkarlarının xalqımıza qarşı etdiyi vəhşiliklər haqqında məlumatların dünyaya çatdırılması istiqamətində müvafiq təkliflər verilib, fikir mübadiləsi aparılıb.