İQTİSADİYYAT
Beynəlxalq şirkətlərlə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirilib VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirib. Tədbir “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 30-da Heydər Əliyev Mərkəzində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda “AzInTelecom” ilə “Microsoft”un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat verilib. Tədbirdə “AzInTelecom” MMC şirkətinin direktor vəzifəsini icra edən Leyla Məmmədova və digərləri çıxış edərək kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlükləri diqqətə çatdırıblar. Tədbirdə həmçinin “AzInTelecom” və “Trend Micro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılıb.
Xatırladaq ki, “AzInTelecom” MMC-nin 2016-cı ildən istifadəyə verilən Data Mərkəzi Cənubi Qafqaz regionunda TIER III sertifikatı ilə təltif olunmuş yeganə Data Mərkəzidir. 2017-ci ildən Data Mərkəzi nəzdində infrastruktur əsaslı IT həllər təqdim etməyə başlayan “AzInTelecom” mərkəzin geniş imkanlarından yararlanaraq partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində müxtəlif lisenziya və kibertəhlükəsizlik həllərini potensial müştərilərə təklif edir.