CƏMİYYƏT
Beynəlxalq tədbirdə gender bərabərliyi ilə bağlı Azərbaycanın təcrübəsindən danışılıb
Bakı, 26 iyul, AZƏRTAC
Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının onlayn sessiyası keçirilib. İki gün davam edən tədbirdə deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın təcrübi cəhətdən tətbiq olunması ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib.
Deputat sessiyada çıxışı zamanı Azərbaycanın bu sahədə təcrübəsi, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, eləcə də mövzu ilə bağlı fikirlərini bölüşüb. K.Nurullayeva qadınların həyatın müxtəlif sahələrində qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilmələri üçün atılacaq mümkün addımlar barədə danışıb və öz mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sessiyada cəmiyyətdə gender bərabərliyinin təmin olunması və qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması və bu işdə parlament üzvlərinin fəal iştirakının təşviqi əsas müzakirə mövzusu olub.