REGİONLAR
Biçin dövründə yanğın təhlükəsizliyinin təmin olunmasına diqqət artırılır
Naxçıvan, 11 iyun, AZƏRTAC
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin birgə təşkilatçılığı ilə “Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və görüləcək qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhərin kənd icra nümayəndələri, bələdiyyə sədrləri, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Əraziidarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Qasım Məmmədov çıxışında günün ən aktual məsələlərindən olan ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulayıb.
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov şəhər ərazisində ot-taxıl biçini kampaniyasına hazırlıqla bağlı görülmüş işlər, biçin dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə danışıb. O, strateji əhəmiyyətli məhsulların yanğından qorunması istiqamətində görüləcək işlərdən və bu sahədə sahibkarların, torpaq mülkiyyətçilərinin və sürücülərin qarşısında duran vəzifələrdən də ətraflı bəhs edib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leytenantı Tahir Babayev biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran əsas vəzifələr barədə danışıblar.
Sonda tədbir iştirakçılarına “Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları” ilə bağlı slaydlar və tövsiyə xarakterli yaddaş kitabçaları təqdim edilib.