REGİONLAR
Biləsuvarda 14 min hektar sahədə payızlıq taxıl əkini aparılıb
Biləsuvar, 17 noyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini sürətlə davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə zəmilərdən 82 min 138 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 32 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksəkreproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 5 min hektar sahəyə buğda, 9 min hektara isə arpa toxumu səpiblər. Rayonda fəaliyyət göstərən fermerlər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Qeyd edək ki, bu il Biləsuvarda 32 min hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.