CƏMİYYƏT
Biləsuvarda altı gündə 703 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Sentyabrın 6-da qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 36 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 13 min kvadratmetr əraziyə yerüstü və 850 kvadratmetr əraziyə yeraltı baxış keçirilib. Altı gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 703 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkarlanıb. Ümumilikdə 57 min 500 kvadratmetr əraziyə yerüstü və 3410 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatdan təmizlənməsi davam etdirilir.