REGİONLAR
Biləsuvarda avtomobildən 2 kiloqramdan çox narkotik aşkarlanıb
Biləsuvar, 12 iyun , Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Həsənli və tanışı Ə.Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.