CƏMİYYƏT
Biləsuvarda dini təhsil və dünyəvilik mövzusunda seminar-treninq keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Natiq, eyni zamanda, dini radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd edib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, dini radikalizmə qarşı mübarizənin həyata keçirilməsi müasir dövrdə dünyanın bir çox ölkəsinin qarşısında dayanan prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, dini ekstremizm meyilləri bütün bəşəriyyət üçün təhlükə törədən terror təşkilatlarının yaranmasında əsas amillərdən biridir.
Dini ekstremizmə qarşı profilaktik və qabaqlayıcı tədbirlər planı həyata keçirməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan sədr müavini qeyd edib ki, radikalizmin yayılmasında başlıca amil təbliğatdır. Dini ekstremistlər sıralarını artırmaq üçün müxtəlif üsullardan istifadə edərək insanları öz tərəflərinə çəkirlər. “Dini radikalizm və ekstremizmin təbliğində, əsasən, internet resurslarından və sosial şəbəkələrdən istifadə olunur. Bu baxımdan, hər kəs, o cümlədən gənclər diqqətli olmalı, dinlə bağlı zərərli informasiyalara aldanmamalıdırlar”, - deyə Dövlət Komitəsinin sədr müavini vurğulayıb.
Tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun fəal gəncləri iştirak ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.