REGİONLAR
Biləsuvarda idmançıların bir qrupuna fəxri fərmanlar verilib VİDEO
Biləsuvar, 5 mart, AZƏRTAC
Biləsuvarda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən sərbəst və qol güləşi üzrə yarışlar artıq yekunlaşıb. Karate üzrə rayon birinciliyi isə davam edir.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən tədbirdə idmançıların əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Tədbirdə Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması və Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi heç də təsadüfi deyil.
Diqqətə çatdırılıb ki, rayonda 5600 gənc idmanla mütəmadi məşğul olur, 14 yeni idman klubu təsis edilib. Rayonda 175 idman qurğusu, 3 min nəfərlik stadion, Olimpiya İdman Kompleksi, 22 idman zalı fəaliyyət göstərir. Biləsuvarlı gənclər ötən il respublika və beynəlxalq idman yarışlarında 10 qızıl, 12 gümüş, 14 bürünc medal qazanıblar.
Sonra idmançıların bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları verilib, medallar təqdim olunub.
Tədbir idmançıların nümunəvi çıxışları və karate üzrə rayon birinciliyi ilə davam etdirilib.