REGİONLAR
Biləsuvarda intensiv texnologiyalardan istifadə fermerlərin işini asanlaşdırıb VİDEO
Biləsuvar, 13 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda intensiv texnologiyalardan istifadə edilməklə kənd təsərrüfatı məhsulları istehsal edilir. Rayonda fəaliyyət göstərən Aqroparkda bu ildən innovativ yeniliklərə əsaslanan növbəli əkin prinsipi ilə qeyri-ənənəvi bitkilər də becəriləcək.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Biləsuvarda yaradılan “Yaşıl ADA” aqroparkında əkin üçün 4 min 200 hektara yaxın torpaq sahəsinin təyinatı dəyişdirilib. Mənbəyi Araz çayından götürülən 54 km uzunluğunda Orta Muğan beton kanalı və Cənubi Muğan kanalı əkin sahələrinin suvarma suyu ilə təminatında əhəmiyyətli rol oynayır. Builki mövsümdə ərazidə müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, rayon üçün ənənəvi olmayan sarımsaq bitkisi 21 hektar, qarğıdalı bitkisi isə iki dəfəyədək artırılıb.
Türkiyəli kənd təsərrüfatı üzrə mütəxəssis Hasan-Hüseyn Özçelik min hektar qarğıdalı əkməyi planlaşdırdıqlarını deyib: “Biz indi qarğıdalı səpirik. Birinci əkində 400 hektar əkmişik, ikinci əkinə isə bir həftədir başlamışıq. Qarşımıza qoyduğumuz hədəfə çatmağı planlayırıq. Bu il suvarmamız çiləmə suvarma olacaq. Nəticəmizin yaxşı olacağını düşünürük. Sort olaraq da “paynı” sortlarını əkirik”.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə suya qənaət nəzərə alınaraq, aqroparkda mövcud pivotaltı sahələrin 2021-ci ilin sonunadək ümumilikdə 3 min hektara çatdırılması planlaşdırılır.
“Ötən il 400 hektar qarğıdalı əkmişdik. Hər hektara 100 sentner məhsul götürdük. Bu il min hektar sahəyə qarğıdalı əkmişik. Ötən il suvarma əllə idi. Bu il isə pilot layihədir. Pilot layihə odur ki, su itkisi azdır, həm də ki, hər hektara 120-130 sentner məhsul gözləyirik. Gələcəkdə də qarğıdalı sahələrini artırmaq fikrindəyik”, - deyə aqronom Yusif Həsənov qeyd edib.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il mülkiyyətçilər yazlıq və payızlıq mövsüm üçün, dənlik və yaşıl yem kütləsi kimi təxminən 1700 hektara yaxın sahədə qarğıdalı əkinini həyata keçirəcəklər.