REGİONLAR
Biləsuvarda qarğıdalı yığımına başlanılıb FOTO VİDEO
Biləsuvar, 22 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda bu mövsüm intensiv texnologiyaların tətbiqi ilə becərilən hibrid qarğıdalı sahələrində artıq biçinə başlanılıb. Növbəli əkin prinsipinə uyğun olaraq, bu il ümumilikdə rayonda 1700 hektara yaxın sahədə intensiv texnologiyaların tətbiqi ilə qarğıdalı bitkisi becərilib.
AZƏRTAC xəbər verir ki, dənli bitkilər içərisində qarğıdalı ən qiymətli ərzaq və yem bitkisidir. Qarğıdalı payızlıq buğda və arpa əkinindən sonra təkrar əkildikdə vahid sahədən bir il ərzində iki dəfə məhsul götürmək olur. Bu il də rayonda 700 hektar yazlıq, 1000 hektara yaxın isə təkrar əkin olaraq qarğıdalı bitkisi əkilib. Ümumilikdə, rayonda əkin aparılan qarğıdalı sahələrinin böyük hissəsi “Yaşıl Ada” aqroparkının payına düşür.
Təsərrüfat rəhbəri Yusif Həsənov bildirib ki, ötən il 420 hektar sahədə qarğıdalı əkmişdisə, bu il sahəni 600 hektara çatdırıb. “Müasir suvarma sistemi qurduğumuza görə əkin sahələrimizi daha da genişləndirəcəyik. Gələn il məqsədimiz qarğıdalı əkinini 1000 hektara çatdırmaqdır. Keçən il biz 1 hektardan 7 ton məhsul götürmüşdük, bu il 10 ton gözləyirik. Toxum da “payner” toxumudur. Hibrid sortdur, hər il bu toxumdan istifadə edirik. İqlim şəraitinə də uyğundur. Sağ olsun, dövlətimiz də bizə lazımi dəstəyi göstərir. Biz isə bu dəstəkdən istifadə edib, əkin sahələrini genişləndiririk”, - deyə o əlavə edib.
Heyvandarlığın və quşçuluğun yem bazasının gücləndirilməsində, eləcə də, insanların qidalanmasında bitkiçilik məhsullarının rolu əvəzsizdir. Bu baxımdan rayonda qarğıdalı əkinlərinə maraq ilbəil artır. Qarğıdalı vegetasiya müddətində çox su tələb etdiyindən hava şəraitindən asılı olaraq 3-4 dəfə suvarılmalıdır. Bunu nəzərə alan təsərrüfat sahibləri artıq sahələrdə ən müasir və qənaətcil suvarma sistemlərinin tətbiqini genişləndirirlər.
Artıq bir müddətdir ki, Biləsuvarda erkən əkin aparılan sahələrdə dənlik qarğıdalı biçininə başlanılıb. Bu günədək 200 hektara yaxın sahədə biçin işləri həyata keçirilib, 783,2 ton məhsul toplanılıb. Hələlik orta məhsuldarlıq 53 sentner təşkil edir.