REGİONLAR
Biləsuvarda taxıl biçini uğurla davam edir
Biləsuvar, 26 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itgisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı taxılçılar 33 min 298 hektar sahədə taxıl becəriblər ki, bunun da 17 min 995 hektarını arpa, 15 min 303 hektarını buğda sahəsi təşkil edir. Cari təsərrüfat ilində bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 29 min 666 hektar sahədə biçin aparıb və 97 min 89 ton məhsul götürüblər. Arpa sahələrinin hər hektarının məhsuldarlığı 32.3 sentner, buğda sahələrininki isə 33.4 sentnerə çatır. Ayrı-ayrı fərdi təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Fermer Telman Əliyev becərdiyi 48 hektar taxıl sahəsinin hər hektarından 56 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib.
Rayonda taxıl biçini sürətlə davam edir.
Qeyd edək ki, hazırda Biləsuvarın taxıl zəmilərində 64 kombayn işləyir.