REGİONLAR
Biləsuvarda tədarük olunan pambığın 23 min tondan çoxu maşınlarla yığılıb
Biləsuvar, 4 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımı davam edir. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək sahələrdən 27 min 375 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər hektarın məhsuldarlığı 27.2 sentner təşkil edir. Yığılan məhsulun 23 min 720 tonu maşınların köməyi ilə toplanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 4692 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçılarının ixtiyarına verilib. Bunun nəticəsində də məhsul toplanışı zamanı pambıqçılar ciddi çətinliklərlə rastlaşmayıblar. Hazırda sahələrdə 3-cü yığım gedir. Hər gün plantasiyalardan 60-65 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Aşağı Cürəli kənd sakini Əlyar Rzayev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 36 sentner məhsul götürüb.
“Bu il 17 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtlı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi, bu mövsüm də məhsulu maşınlarla yığmışam. İndiyədək əkin sahəsindən 42 ton pambıq toplamışam. Hər hektarın məhsuldarlığı 28 sentner təşkil edib. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 20 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.