ELM VƏ TƏHSİL
Bilik Fondu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd edib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qax Bilik Evində Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Mərkəzinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Qax-Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub.
Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Bilik Evinin direktoru Gülşən Məcidova Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranması, mahiyyəti barədə məlumat verib.
A.Məmmədli Azərbaycanın əksər bölgələrində tarixi abidələrin olduğunu xatırladıb, Qaxda və Balakəndə olan abidələrin dünya şöhrəti qazandığını bildirib.
Alim tarixi məkanların qorunmasında əhalinin də üzərinə öhdəlik düşdüyünü deyib, gələcək nəsillərin tarixi daha doğru öyrənməsində abidələrin rolunu xüsusi qeyd edib.
Həmin gün paytaxtda da tədbir keçirilib. Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu üzvlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.
Tələbələr fondun baş mütəxəssisi Elnarə Əliyeva və məsləhətçi Sevinc Məmmədovanın müşayiəti ilə İçərişəhərin tarixi məkanları ilə tanış olub, bu yerlər barədə bələdçi tərəfindən ətraflı məlumatlandırılıblar.