Bilik Fondu Binəqədidə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirib
AzerTAg.az
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 26 iyun – Beynəlxalq Narkomaniya ilə Mübarizə Gününə həsr olunan silsilə tədbirlərini davam etdirir. Binəqədi rayonunda Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə növbəti görüş keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elman Dadaşov 2016-cı ilin altı ayı ərzində bu istiqamətdə görülən işlər barədə məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının daxili işlər orqanlarında inzibati fəaliyyət kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafıq Nəcəfquliyev və Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli narkomaniyanın törətdiyi bəlalardan bəhs ediblər.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölüm”ə qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd edib. Vurğulanıb ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq mühafizə orqanlarının, rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyətin nümayəndələri daxil edilib.
Tədbirdə bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.


Xəbərin mətnində orfoqrafik səhv var