ELM VƏ TƏHSİL
Bilik Fondu Trabzonda Azərbaycan mətbuatı ilə bağlı mühazirə təşkil edib
Bakı, 16 aprel, AZƏRTAC
Türkiyənin Trabzon şəhərində ənənəvi beynəlxalq ədəbiyyat festivalı keçirilib.
Festivalda Azərbaycanı təmsil edən "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə iki mövzuda mühazirə söyləyib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, R.Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə oxuyub. O, Azərbaycan mətbuatının yaranması, ilk qəzetimiz “Əkinçi”, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları, “Həyat” qəzeti, sovet dövründəki mətbuat orqanları və onların ədəbi dilimizin qorunmasındakı rolundan, müstəqillik dövrü mətbuatımızdan söz açıb.
Baş redaktor Azərbaycan Mətbuat Şurasının fəaliyyəti, “525-ci qəzet”, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, ümummilli lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində mətbuata qayğısından, 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunmasından danışıb.
İkinci mühazirə Trabzon bələdiyyəsinin konfrans zalında yerli sakinlər qarşısında "Azərbaycan Cümhuriyyəti-100" mövzusunda təşkil olunub.
Ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladan R.Məcid 1918-1920-ci illərdə Nuru Paşanın komandanlığı ilə türk ordusunun azərbaycanlılara köməyə gəldiyini bildirib və bu barədə maraqlı faktları diqqətə çatdırıb.
Sonda mühazirəçi iştirakçıların suallarını cavablandırıb.