ELM VƏ TƏHSİL
Bilik Fondu ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, sənədi qurumun icraçı direktoru Oqtay Səmədov və BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli imzalayıblar.
Sənədə əsasən, Azərbaycan musiqisinin təbliği, yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi, maarifçilik məqsədilə alim və mütəxəssislərin bölgələrdə mühazirələrinin təşkili istiqamətində birgə fəaliyyət göstəriləcək.
Müqavilənin mədəniyyətimiz üçün yeni yollar açacağına, mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirən O.Səmədov deyib: “Azərbaycan istedadları ilə seçilən ölkədir. Bu gün gənclərimiz musiqi korifeylərimiz haqqında lazımi qədər məlumatlı deyillər. Onlarla bu istiqamətdə iş aparmalıyıq. İstedadlı insanların yaradıcılıq imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə əməkdaşlıq etdiyi təşkilatlara dəstək verməyə hazırdır”.
Azərbaycan musiqisinin qədim ənənələrindən və müasir çalarlarından söz açan F.Bədəlbəyli diqqətə çatdırıb ki, zəngin musiqimizi yalnız xarici ölkələrdə deyil, Azərbaycanın bölgələrində də gənclər və yeniyetmələr arasında təbliğ edilməlidir. Onlar görkəmli bəstəkarlarımızı və istedadlı ifaçılarımızı tanımalıdırlar.
Tədbirdə, həmçinin Azərbaycan musiqisinin təbliğinin, bu sahədə araşdırmaçıların və istedadlı gənclərin stimullaşdırılmasının vacibliyi, eləcə də əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.