ELM VƏ TƏHSİL
Bilik Fondu növbəti “İmzalı görüşü”nü keçirib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində növbəti “İmzalı görüş”ü AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Əməkdar jurnalist, yazıçı-publisist Telli Pənahqızı Bilik Fondunun “Kinolkub”, “Gənc jurnalistlər” klublarının və “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri ilə görüşüb.
Tədbirdə Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “İmzalı görüş” layihəsinə cəlb olunan yazıçı və şairlərin oxucularla mütəmadi görüşlərinin təşkil edildiyini diqqətə çatdırıb, bu kimi tədbirlərin gənclərin maariflənməsinə töhfə verdiyini bildirib.
Tədbirdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov özünün də bir oxucu kimi Telli Pənahqızının görüşünə gəldiyini diqqətə çatdıraraq, onun publisistik yazılarının, şeirlərinin insanda xoş duyğular yaratdığını, vətənə, xalqa, insana sevgilər aşıladığını vurğulayıb.
Sənətşünas Əsəd Cahangir Telli xanımın yaradıcılığından söhbət açıb. Onun jurnalistlik fəaliyyətindən və fəlsəfi ruhlu əsərlərindən danışıb.
Qocaman telejurnalist Rafiq Savalan Telli Pənahqızının imzası ilə ərsəyə gələn hər bir yaradıcılıq işinin yüksək səviyyədə olduğunu, onun jurnalistikada peşəkar və nümunəvi davranışı ilə yaddaşlarda dərin iz buraxdığını söyləyib.
“Kinoklub”un üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Röyal Allahverdiyev, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 5-ci sinif şagirdləri Banu Məmmədli, Xədicə Heydərova və Firuzə Qasımzadə şairin şeirlərini söyləyiblər.
Sonda müəllif tələbələrin suallarını cavablandırıb, kitablarını imzalayaraq onlara hədiyyə edib.