REGİONLAR
Bilik Fondunun Astarada təşkil etdiyi mühazirə maraqla qarşılanıb
Astara, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Maariflənmə nadanlığa qarşı mübarizə aləti kimi” mövzusunda təşkil etdiyi mühazirə maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövzu ilə bağlı çıxış edən “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru Gülnara İnanc nadanlığın cəmiyyətdə təzahür edən formalarından danışıb.
Qeyd edib ki, insanın yaşı artdıqca onun dünyada, cəmiyyətdə, elmdə baş verənlər haqda bilikləri artmasa və bunun nəticəsində hadisələrə münasibəti dəyişməsə, o, deqradasiya etməyə başlayır. Buna görə də kitab qiraəti, ədəbi və mədəni hadisələrin müzakirəsi insanların şüurunu genişləndirir, nitqini səlis edir, intellekti gücləndirir. Mütaliə internetdə yayılan yalan xəbərlərə düzgün reaksiya formalaşdırır.
Gülnara İnanc qız uşaqlarının təhsildən yayınmasının, qohumlar arasında erkən evliliyin yolverilməz olduğunu bildirərək deyib: “Qız uşaqları gələcəkdə ana olacağı və övlad tərbiyə edəcəyi üçün onun savadlı və dünyagörüşünün zəngin olması vacibdir. Digər tərəfdən, yetkinlik yaşına çatmamış qızların ana olması həm onların özünü, həm də uşağın həyatı üçün təhlükəlidir. Qohumlar arasında evlilik nəticəsində doğulan uşaqlarda qan və irsi xəstəliklərin riski yüksəkdir. Hər bir kəs evlənməzdən qabaq bu kimi amilləri nəzərə almalıdır”.
Vurğulanıb ki, nadanlığın başqa bir təzahürü ekoloji nadanlıqdır. Vətəndaş zibili küçəyə atır, küçədə zibil qabından istifadə etmir, təbiətə ziyan vurur, ağacları qırır - bunlar cəhalətin təzahürüdür. Müasir psixologiyada şüurun ekologiyası sahəsi inkişaf edir. Yəni, insan pis fikirləri və emosiyaları ilə həm özünə, həm də ictimai şüura ziyan vurur.
Dini nadanlıqdan da danışan natiq dinin elmi əsaslarla öyrənilməsinin vacib olduğunu söyləyib.
Müzakirələrdə Astara Rayon İcra Hakimiyyətinin ictimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək, mövzu ilə bağlı təkliflərini bildiriblər.
Sonda tədbir iştirakçıları Bilik Fondunun Astara Bilik Evinin “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.