ELM VƏ TƏHSİL
Bilik Fondunun nümayəndələri hərbi hissədə əsgərlərlə görüşüblər
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə on Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, bu qurumda təcrübə keçən Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələrinin tərcümə etdikləri nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər.
Dərginin Bilik Fondunda və Dövlət Uşaq Filarmoniyasında geniş təqdimatı olub. Tərcüməçilərdən Elvin Cəbrayıllı hazırda vətənə borcunu yerinə yetirmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “N” saylı hərbi hissəsində hərbi xidmətdədir. Bilik Fondu və FHN-in birgə təşkilatçılığı ilə hərbi hissədə “Nağıllar” dərgisinin təqdimatı keçirilib.
Bölmə rəisi, polkovnik-leytenant Əliyar İsmayılov hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirilməsinin əsgərlərin hərtərəfli inkişafına töhfə verdiyini vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, hərbi xidmətdə olan gəncləri daim sayıq və intizamlı olmağa çağırıb. Fondun maarifləndirici layihələri, o cümlədən “Nağıllar” dərgisinin ərsəyə gəlməsi barədə ətraflı məlumat verən icraçı direktor Elvin Cəbrayıllıya təşəkkürnamə və hədiyyələr təqdim edib.
Fondun sektor müdiri Xatirə Hüseynova, Elvin Cəbrayıllının valideynləri çıxış edərək əsgərlərin hərtərəfli inkişafı üçün maarifləndirici tədbirlərin vacibliyindən söz açıblar.
Sonra Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi kitabları hərbi hissənin kitabxanasına hədiyyə edib.