SİYASƏT
Binəli Yıldırım: Türkiyə-Azərbaycan qardaşlığı yeni layihələrlə daha da yüksək zirvələrə çıxacaq
Bursa, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi Zəfərin ikinci ildönümü münasibətilə Şuşanı ziyarət etdik. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən toplantıda çıxışımız da oldu. Zəfərdən sonra Şuşada çox böyük bərpa-yenidənqurma işləri aparılır. Orada yollar inşa edilir, tarixi abidələr bərpa olunur, yəni Şuşada insanların yenidən həyata qayıtması üçün böyük işlər görülür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.
Azərbaycanın tarixi Qarabağ bölgəsində otuz ilə yaxın davam edən işğala, əsirliyə son qoyulduğunu vurğulayan Binəli Yıldırım bildirib: “Qarabağ Azərbaycanın əbədi torpağıdır, bundan sonra da belə olacaq. Türkiyə-Azərbaycan qardaşlığı iqtisadiyyat, mədəniyyət, idman, ümumiyyətlə, bütün sahələrdə yeni layihələrlə, birgə işlərlə daha da yüksək zirvələrə çıxacaq. Bu layihələr çərçivəsində elm adamlarımızın birgə fəaliyyəti də nəzərdə tutulur”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa